Ukrayna KİV-ləri Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının atəşə tutulmasını geniş işıqlandırıb
Kiyev, 7 noyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının atəşə tutulması ilə bağlı geniş məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, Ukrinform, UNİAN, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialoq” “TCN” və digər portallarında dərc olunan məqalələrdə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasına 6 güllənin atıldığı qeyd olunur.
Bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə 02:30 radələrində Fəxri konsulluğun Yaroslav Mudrov 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr pəncərə və qapıya dəyib. Həmin vaxt ofisdə heç kim olmadığından xəsarət alan olmayıb. Atəşin kimlər tərəfindən açılması araşdırılır.
Hadisənin iki gənc tərəfindən törədildiyi videokameraya düşüb. Faktla bağlı cinayət işi açılıb, polis araşdırma aparır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev