Ukrayna millisi ilk dəfə Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 30 iyun, AZƏRTAC
Futbol üzrə Ukrayna milli komandası Avropa çempionatında dörddəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada İsveç və Ukrayna yığmaları üz-üzə gəliblər.
İtaliyalı baş hakim Daniele Orsatonun idarə etdiyi oyunda hesabı Ukrayna millisi açıb. Matçın 27-ci dəqiqəsində Aleksandr Zinçenko fərqlənib. Matçın 43-cü dəqiqəsində isveçli futbolçu Emil Forsberq hesabı bərabərləşdirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşıb.
Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Matçın 99-cu dəqiqəsində kobud oyuna görə baş hakim Markus Danielsona qırmızı vərəqə göstərib və İsveç millisi azlıqda qalıb. Bundan yararlanan Ukrayna millisi istəyinə 121-ci dəqiqədə çatıb. Futbolçu Artyom Dobvik Ukrayna millisinin qələbə qolunu vurub - 2:1. Komanda ilk dəfə Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Ukrayna millisi dörddəbir finalda İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də İtaliyanın paytaxtı Romadakı Olimpiya Stadionunda təşkil olunacaq.
Beləliklə, dörddəbir final mərhələsinin bütün cütlükləri müəyyənləşib. İyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münhendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka, Romada Ukrayna-İngiltərə matçları baş tutacaq.