UKRAYNA SƏFİRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞDUR
Auditoriyanı Azərbaycan dilində salamlayan səfir ölkələrimiz arasındakı münasibətlərin tarixinə nəzər salaraq, əlaqələrimizin durumunu yüksək qiymətləndirmiş və bildirmişdir ki, Ukrayna Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyir. Qonaq ölkəsinin müstəqillik tarixi, Ukraynada baş verən iqtisadi, siyasi və ictimai proseslər barədə məlumat vermişdir. Bildirmişdir ki, Ukrayna Respublikasının Prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri planlaşdırılır.
Görüşün sonunda səfir ona verilən sualların əksəriyyətinin Ukrayna dilində səslənməsini yüksək qiymətləndirmiş, universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, iştirakçılarla xatirə şəkili çəkdirmişdir.
“Səfir saatı”ndan sonra diplomat BSU-nun Ukrayna Mərkəzinin təşkil etdiyi və Taras Şevçenkonun xatirəsinə həsr olunmuş poeziya gecəsinin qonağı olmuşdur. Tədbirdə ukraynaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin ifasında T.Şevçenkonun Ukrayna dilində şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilmişdir.