HEYDƏR ƏLİYEV - 100
Ukraynada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən “Millətin atası” kitabının təqdimatı olub




Kiyev, 4 oktyabr, AZƏRTAC
“Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq Universitetinin Konstitusiya, Beynəlxalq hüquq və ictimai Hüquq fənləri kafedrasının professoru, soydaşımız Arif Quliyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı çapdan çıxan “Millətin atası” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Kiyevdəki Mikoli Rudenko adına Kitabxanada təşkil olunan mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyev Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, diaspor fəalları iştirak ediblər.
Tədqiqat əsərində Ulu Öndər Heydər Əliyevin zəngin irsindən bəhs olunduğunu vurğulayan professor Arif Quliyev Ümummilli Liderin çoxşaxəli siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinin vacibliyindən, nəşri ərsəyə gətirmək üçün apardığı araşdırmalardan söz açıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafına daim xüsusi diqqət yetirib. Əbədiyaşar lider həmişə Ukraynanın sabit dostu olub.
Müəllif Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, monoqrafiyada bu barədə xüsusi yer ayırdığını diqqətə çatdırıb.
Kiyevin Darnitsa rayon mədəniyyət şöbəsinin müdiri Natalya Melniçuk, texnika elmləri doktoru Şöhrəddin Əsgərov, paytaxtın Şevçenko rayon prokuroru Samir Sadıqov, Kiyev Şəhər Mədəniyyət İdarəsinin milli azlıqlar idarəsinin rəisi Kristina Kapitan və digərləri çıxışlarında kitabın ölkəmizin beynəlxalq əlaqələri, Azərbaycan-Ukrayna münasibətlərinin araşdırılması baxımından sanballı mənbə olduğunu vurğulayıblar.
Müəllifi təbrik edən natiqlər ona gələcək elmi araşdırmalarında uğurlar arzulayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev