Ukraynalı ekoloq: COP29 qlobal iqlim siyasəti üçün həlledici əhəmiyyət daşıyır
Kiyev, 31 oktyabr, AZƏRTAC
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransı - COP29 qlobal iqlim siyasəti üçün həlledici əhəmiyyət kəsb edir. Dünya birliyi bu səviyyədə görüşlər keçirməklə bəşəriyyətin iqlimə təsirini azaltmağa və fəlakətli nəticələrin qarşısını almağa çalışır.
Bu barədə Taras Şevçenko adına Kiyev Milli Universitetinin ekologiya və zoologiya kafedrasının dosenti Anatoli Podobaylo AZƏRTAC-a müsahibəsində bildirib.
Ekoloq qeyd edib ki, bu sammitin özəlliyi diqqətin məqsədli vəsaitlərin toplanması və xərclənməsinin planlaşdırılmasına yönəldilməsi olacaq. COP29-un əsas məqsədlərinə istixana qazları emissiyalarının azaldılması, bərpaolunan enerjiyə investisiyaların artırılması və ən həssas dövlətlər üçün uyğunlaşma mexanizmlərinin yaradılması üzrə ölkələrin öhdəliklərinin gücləndirilməsi daxildir. Əsas məqsəd qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır ki, bu da fəal və təcili tədbirlər tələb edir.
“Bu, Ukrayna üçün artıq üçüncü belə sammit olacaq. İqlim dəyişiklikləri ilə mübarizə prosesində dövlətimiz xüsusi yer tutur. Avropaya inteqrasiya və enerji transformasiyasında iddialı məqsədləri baxımından Ukrayna istixana qazları emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı və bərpaolunan enerjinin payını artırmağı planlaşdırır. Qəribə də olsa, müharibə istilik istehsalının məhv edilməsi səbəbindən bu prosesi sürətləndirmək üçün yeni imkanlar açdı və bununla da yaşıl enerjinin inkişafının aktuallığını əhəmiyyətli dərəcədə artırdı. COP29-da iştirak Ukraynaya iqlim dəyişiklikləri üzrə beynəlxalq tərəfdaşlığı gücləndirməyə, bərpaolunan enerji mənbələrinin inkişafı üçün investisiya və texnologiyalar cəlb etməyə imkan verəcək ki, bu da enerji müstəqilliyini artırır. Bundan başqa, müharibədən əziyyət çəkən Ukraynanın iqlim siyasətinin daha bir mühüm aspekti var - işğal olunmuş və müharibədən zərərçəkmiş ərazilərdə ekologiyanın bərpası. Bunun üçün əhəmiyyətli resurslar və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq lazımdır”, -deyə A.Podobaylo vurğulayıb.
Onun sözlərinə görə, sammitin nəticələri iqlim layihələrinin dəstəklənməsi və maliyyələşdirilməsini təmin edərək, təkcə iqtisadiyyatı inkişaf etmiş dövlətlər üçün deyil, həm də inkişaf etməkdə olan ölkələrə güclü təkan verə bilər. Ukrayna üçün COP29-da iştirak həm də qlobal iqlim siyasəti ilə bağlı öz mövqeyini ifadə etmək, nailiyyətlərini vurğulamaq və çətin müharibə şəraitində ekoloji problemlərin aradan qaldırılması üzrə təcrübəsini bölüşmək üçün daha bir fürsətdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev