CƏMİYYƏT
Ukraynalı jurnalist: Ümidvaram ki, tərəflər COP29-da mühüm razılaşmalar əldə edəcək
Kiyev, 23 noyabr, AZƏRTAC
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaşdır. Ümidvaram ki, tərəflər COP29 çərçivəsində mühüm razılaşmalar əldə edəcəklər.
Bu barədə AZƏRTAC-a ukraynalı jurnalist Lesya Kesarçuk bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə bütün ölkələrin, o cümlədən inkişaf etmiş dövlətlərin ümumi məsuliyyətidir.
Agentliyin həmsöhbəti vurğulayıb ki, hazırkı sammit “maliyyə COP-u” adlanır, çünki tərəflər 15 ildə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsi üçün maliyyələşdirmənin həcmini və strukturunu nəzərdən keçirirlər. Ukrayna üçün isə sammit çərçivəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə çox mühüm addımdır.
“İndi Ukraynada iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni proqramlar yaratmaq, eləcə də ekoloji layihələr təqdim etmək lazımdır. Ukrayna və Azərbaycan arasında COP29 çərçivəsində imzalanmış Əməkdaşlıq Memorandumu yeni proqramların işə salınmasına şərait yaradacaq. Hərbi əməliyyatlara baxmayaraq, bu il Ukraynanın bölgələrində “Ecodia” fəalları regionlarda yaşıllığın bərpası, suyun filtrasiyası və qara torpaqların mühafizəsi üzrə bir sıra ekoloji layihələr həyata keçiriblər”, -deyə Kesarçuk qeyd edib.
O, əlavə edib ki, COP29-da iqlim dəyişikliyini azalda biləcək, həmçinin itki və zərərləri azaldacaq maliyyə razılaşmaları əldə ediləcəyini gözləyir.
“Mən hökumətlərin və digər maraqlı tərəflərin COP29-da danışıqlarının nəticələr verməsini gözləyirəm. Bu, gündəlik həyatlarında iqlim dəyişikliyi yaşayan insanlar üçün iqlim ədalətini təşviq edən məsələlərə də aiddir”, - deyə ukraynalı jurnalist bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev