Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar
Qəbələ, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilərək reabilitasiya tədbirlərinə cəlb olunan bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Arxeoloji Mərkəzinə səfər edib.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ukraynalı uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar.
Arxeoloji Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara Tarix-Bədii Qoruğun və Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər.
Sonra qoruğun tarixi məkanları - Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanışlıq olub. Yerli və xarici ölkə arxeoloqlarının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.