Ukraynanın Poltava şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Kiyev, 25 fevral, AZƏRTAC
Ukraynanın Poltava şəhərində Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə fəxri konsul Əfqan Salmanov, Poltava Vilayət Şurasının sədr müavini Aleksey Çepurko, Poltava Vilayət Şurasının Mədəniyyət və Turizm Departamentinin şöbə müdiri Vladimir Sostin, şəhərin təhsil müəssisələrinin, diaspor təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir dəhşətli faciənin görüntülərini əks etdirən tematik fotosərgi ilə başlayıb.
Fəxri konsul Əfqan Salmanov fotosərgi ilə tanışlıq zamanı erməni işğalçılarının cinayətlərindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həlak olub. Mindən çox insan yaralanıb, 1275 sakin əsir götürülüb, onların bir çoxunun taleyi naməlum olaraq qalır.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının, həlak olan Ukrayna vətəndaşlarının, gələcək uğrunda qəhrəmancasına canlarından keçmiş bütün əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fəxri konsul Əfqan Salmanov iştirakçılar qarşısında çıxış edırık deyib: “Əminəm ki, bu gün dünyada heç kim bu faciənin erməni cinayətkarları tərəfindən qədim zamanlardan bu torpaqlarda yaşayan insanlara qarşı planlaşdırılan soyqırımı aktı olmasına şübhə edə bilməz. Bu cinayətin məqsədi azərbaycanlıların ruhunu sındırmaq idi. Qorxu aşılamaq, özünəinam hissini məhv etmək üçün törədilmişdi. Amma, əksinə, bu hadisə Azərbaycanın haqq-ədalət uğrunda azadlıq mübarizəsini gücləndirdi”.
Tədbirdə Aleksiy Çepurko və Vladimir Sostin də çıxış ediblər.
Çıxışlardan sonra müasir tarixin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev