Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Qarlı zirvə” kitabının təqdimatı olub
Bakı, 17 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının və Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə yazıçı-publisist, hüquqşünas Əlisəfa Azayevin Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Qarlı zirvə” kitabının təqdimat mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən muzeyin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçı-publisist Əlisəfa Azayevin yaradıcılığında həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu hadisələrə, mövzulara üstünlük verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müəllifin son illərdə müraciət etdiyi mövzular fonunda şəhidlərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz və ziyalılarımızla bağlı əsərlər çoxluq təşkil edir. Əlisəfa Azayevin Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, dahi liderin xüsusilə Moskva, Naxçıvan, Bakı şəhərlərində bir dövlət xadimi kimi gördüyü işləri tarixi faktlara söykənməklə bədiiləşdirdiyi “Qarlı zirvə” romanı bu qəbildəndir.
Şair Abduləziz Xanəhmədoğlu, jurnalist Tofiq Abdullayev, oxuculardan Namiq Ağayev və Dürriyə Seyidova roman haqqında fikir və mülahizələrini oxucularla bölüşüblər. Müəllifin bilavasitə şahidi olduğu, həmçinin araşdırıb topladığı materiallar əsasında qələmə aldığı “Qarlı zirvə” romanında Azərbaycanın müstəqillik qazandığı o çətin dövrün tarixinin olduğu kimi əks etdirildiyi vurğulanıb.
YAP Kürdəmir təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu cür sənədli romanı ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirib. O, Əlisəfa Azayevə YAP Kürdəmir rayon təşkilatının fəxri fərmanını təqdim edib.
Sonda Əlisəfa Azayev kitabın “Heydər Əliyevin İli”nə töhfə olduğunu söyləyib, əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.