Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş toplantı çərçivəsində “Tək bir Yer Kürəmiz var” devizi altında bilik yarışması keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ali təhsil müəssisələrində təhsil alan tələbələr, ekokönüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji məsələlərə yönəlmiş mövzularla əhatə olunan bilik yarışmasının məqsədi gənclərin ekoloji sahədə biliklərinin artırılmasıdır.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının rezident-nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələrinin, səfirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarının və tanınmış şəxslərin iştirak etdiyi toplantının sonunda yarışmanın qalibləri mükafatlandırılıblar.