MƏDƏNİYYƏT
“Ümumi mədəni irs şəhərləri” layihəsinin icrasına başlanmışdır
Bakı, 23 aprel (AZƏRTAC). Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarə Edilməsi Sistemi çərçivəsində Türkiyənin İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında Müqavilənin imzalanması ilə "Ümumi mədəni irs şəhərləri" layihəsinin icrasına başlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin aprel-sentyabr aylarını əhatə edəcək layihənin ilk mərhələsində COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq, aprelin 26-dan 30-dək layihənin ekspertləri Fariz Xəlilli və Tərlan Quliyev Türkiyənin Van, Ahlat, Ərzurum və Amasiya bölgələrinə səfər edəcəklər. Səfər zamanı bu bölgələrin arxeoloji turizm potensialı ilə yanaşı, bölgənin turizm imkanları, üstünlükləri və mənfi cəhətləri, mövcud və ortaya çıxa biləcək problemlər, ortaq turizm məhsulunun yaradılması və turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi imkanları və s. araşdırılacaqdır.
Səfər ərəfəsində layihənin səlahiyyətli şəxsi- Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, layihənin əlaqələndiricisi Məleykə Hüseynova, koordinator Türkan Rüstəmova, ekspertlər Fariz Xəlilli və Tərlan Quliyevin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə layihənin icrası ilə əlaqədar qarşıda duran məqsədlər, fəaliyyət planı, bu günədək görülmüş işlər, gözlənilən nəticələr və risklər müzakirə edilmiş, müvafiq hesabatlar dinlənilmiş və rəhbərlik tərəfindən aidiyyəti göstərişlər verilmişdir.
Qeyd edək ki, bu layihə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarə Edilməsi Sistemi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilmiş və 6 ayı əhatə edən mərhələdən uğurla keçərək Komitə tərəfindən maliyyələşdiriləcək layihələr siyahısına daxil edilmişdir.