ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV HAQQINDA“ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABI TEHRANDA NƏŞREDİLMİŞDİR
Professor Nizami Xudiyevin yazıları əsasında doktor Hüseyn Şərqinin hazırladığı kitab “Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə” adlı bölmə ilə başlayır. Bu bölmədə xalqımızın əsrlər boyu can atdığı müstəqilliyə qovuşmasında ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri zəngin faktların dili ilə oxuculara çatdırılır və xüsusi vurğulanır ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu XX əsr Azərbaycan tarixinin ən görkəmli simalarından biri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevdir. Bildirilir ki, bu kitab mənalı ömrünü, bütün həyatını xalqımızın tərəqqisinə həsr etmiş siyasət nəhənginin – Heydər Əliyevin parlaq fəaliyyəti və dühası haqqında yazılan və Cənubi Azərbaycanda nəşr edilən çox sanballı əsərdir.
Kitabın “Müdriklik zirvəsi” adlı bölməsində Heydər Əliyev şəxsiyyətinin ucalığı tarixi faktların dili ilə cənublu soydaşlarımızın diqqətinə çatdırılır və qeyd olunur ki, ulu öndərimiz xalqına, Vətəninə lazım olanları bütünlüklə bilən, bildiklərini on illər boyu fenomenal fədakarlıqla həyata keçirən, buna qadir olan, qüdrəti çatan yeganə dahidir.
Əsərin “Dahi xilaskar” adlı bölməsində ümummilli liderimizin öz müdrik uzaqgörənliyi ilə xalqımızın yolgöstərəninə çevrildiyi göstərilir, “Əbədi qurtuluş yolu” bölməsində dahi şəxsiyyətin xalqımız qarşısındakı xidmətlərinin müxtəlif məqamları açıqlanır, “Tanrı göndərişli bir arayış” bölümündə böyük öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətindən söz açılır, “Böyük Azərbaycan sevgisi” sərlövhəli yazıda dahi şəxsiyyətin xarici ölkələrə səfərlərinin diplomatiyamızın tarixindəki yeri və rolu şərh edilir.
“H.Əliyev parlaq zəkası və natiqlik istedadı ilə Azərbaycan dilini çoxlarına yenidən sevdirmişdir”, “Bu dediyiniz proseslər dil sahəsində də özünü göstərdi”, “Müstəqil Azərbaycanın dövlət quruculuğu və dil siyasəti”, “Nitq mədəniyyəti və natiqlik məharəti” adlı bölmələrdə Heydər Əliyevin Azərbaycanda apardığı dil siyasəti geniş müstəvidə şərh edilərək oxuculara çatdırılmışdır. Müəllif belə bir elmi qənaətə gəlmişdir ki, Heydər Əliyev yalnız siyasət xadimi, ictimai xadim deyil, həm də bir dilçi - filoloq professionallığına malik şəxsiyyətdir.
Kitabda “H.Əliyev məktəbi mənim üçün yeganə və son dərəcə zəngin bir məktəbdir” sərlövhəli müsahibədə, “Bu bayram və illərin təntənəsi”, “H.Əliyev və Azərbaycan radio-televiziyası”, “Avropa ailəsində”, “Varislik fəxr edilməli xüsusiyyətdir, utanılası yox”, “H.Əliyev və azərbaycançılıq fəlsəfəsi” adlı yazılarda dahi şəxsiyyət Heydər Əliyev fenomeninin müxtəlif məqamları geniş şərh edilmişdir.
Əsərin “Xalqın inandığı lider haqqında düşüncələr” başlıqlı bölməsində isə Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti dövlətimizin başçısının “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinin kontekstində elmi dəlillərlə şərh olunmuşdur.