Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qarsda ehtiramla yad olunub
Qars, 9 may, AZƏRTAC
Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə anma mərasimi təşkil olunub.
Qarsdakı Heydər Əliyev parkında başlanan mərasimdə bu bölgədə yaşayan və təhsil alan azərbaycanlılar, şəhər ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin parkdakı heykəli önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Baş konsulluqda davam etdirilən mərasimdə baş konsul Ayxan Süleymanlının, Türkiyənin Qafqaz Universitetinin professorları Hacıəli Nəcəfoğlu və Xurşud İsayevin çıxışları dinlənilib. Ümummilli Liderimizin xilaskarlıq missiyası, Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, Azərbaycan-Türkiyə münasibətlərinin strateji inkişafına yönəlmiş fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mustafa Kamal Atatürk Osmanlı dövlətinin xarabalıqları üzərində Türkiyə Cümhuriyyətinin qurulmasına nail olduğu kimi, Heydər Əliyev də 1993-cü ildə parçalanmaq və məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan Azərbaycanı xilas edərək inkişaf yoluna çıxarıb. Odur ki, qədirbilən xalqımız Ulu Öndərimizin əziz xatirəsini hər zaman uca tutacaq.
Sonda baş konsul Ayxan Süleymanlı KİV nümayəndələrinə ulu öndər Heydər Əliyevin zəngin və mənali fəaliyyəti ilə bağlı mühasibə verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars