Ümummilli lider Heydər Əliyevin xatirəsi Niderlandda da yad olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev çıxış edərək Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev müstəsna rəhbərlik keyfiyyətlərinə malik, iti zəka sahibi, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan bir lider kimi xalqın ürəyində əbədi həkk olunub.
“1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkənin istər daxili, istərsə də xarici siyasətində dirçəliş baş verdi. Ulu Öndər ölkədə vacib olan sabitliyi təmin etdi, dayanıqlı inkişafın əsasını qoydu. Azərbaycanın iqtisadi yüksəlişi məhz Heydər Əliyevin səyləri nəticəsində həyata keçirilib. Azərbaycan xarici siyasətdə də bütün ölkələrlə mehriban qonşuluq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təməlini qoyub. Məhz Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Kontraktı” imzalanıb, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng transmilli layihələrin bünövrəsi qoyulub və bununla da bugünkü Azərbaycanın iqtisadi inkişafının əsası təmin edilib”, - deyə C.Mirzəyev əlavə edib.
C.Mirzəyev müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət xalqın mənafeyinə tam olaraq cavab verir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə möhkəm əminlik yaradıb. Məhz bu səbəbdən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir.
Tədbirdə, həmçinin “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış ediblər.