Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş elmi seminar
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbirin moderatoru UNEC-in Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Lalə Həmidova 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əlaqədar Azərbaycanın irimiqyaslı investisiya qoyuluşunun təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan söz açıb.
“İqtisadi davamlılıq kontekstində sosial-iqtisadi inkişafın milli prioritetləri” mövzusunda çıxış edən UNEC-in Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Elmira Qocayeva Azərbaycanın Rumıniya, Moldova, Ukrayna və Qazaxıstanla iqtisadi əlaqələrindən danışıb. O, son illərdə qeyri-neft sektorunun yüksəlişini, xüsusilə aqrar-sənaye kompleksinin inkişafını, kimya məhsulları istehsalının artdığını vurğulayıb.
Tədbirdə B.Xmelnitski adına Çerkassı Milli Universitetinin İdarəetmə və dövlət qulluğu kafedrasının professoru Natalya Zaçosova “Müharibə şəraitində ölkənin iqtisadi təhlükəsizliyi” mövzusunda çıxış edib. Professor məruzəsində ekoloji təhlükədən, kənd təsərrüfatı məhsullarının, xüsusilə dənli bitkilərin kimyəvi hücum təhlükəsi altında olmasından söz açıb.
Elmi seminarda Rumıniyanın Milli Tədqiqat Əmək və Sosial Müdafiə İnstitutunun elmi işçisi, Artıfex Universitetinin professoru Gennadi Çobanu “Avro inteqrasiyası və Qafqaz regıonunun inkişafı çərçivəsində Rumıniya-Azərbaycan iqtisadi münasibətləri”, Moldova İqtisadi Təhsil Akademiyasının Sahibkarlıq sahəsində tədqiqatlar bölməsinin aparıcı elmi işçisi Tatyana Qutyum “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əlaqələrin inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Rumıniya ilə Azərbaycan arasında Dostluq və Əməkdaşlıq Bəyannaməsinin imzalanması diqqətə çatdırılıb.
Sonda məruzəçilər mütəmadi olaraq belə görüşlərin keçirilməsinin dövlətlərarası əməkdaşlığın daha da gücləndirməsində əvəzsiz rolunu vurğulayıb, iştirakçıların suallarını cavablandırıblar.