SİYASƏT
ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ MƏRKƏZİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Moskvadakı “Bakı” kinoteatrında Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
ÜAK-ın prezidenti, Rusiya İctimai Palatasının üzvü, akademik Məmməd Əliyev ötən il diasporumuzun əldə etdiyi uğurlar haqqında ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın, “Yedinaya Rossiya” Partiyası təmsilçilərinin də iştirak etdikləri iclasda Rusiya Federasiyasının 70 subyektindən gəlmiş Azərbaycan diasporu rəhbərlərinin məruzələri maraqla qarşılanmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan danışmış, Rusiyada yaşayan azərbaycanlıların daha sıx birlik nümayiş etdirmələrinin vacibliyini vurğulamışdır.
Sonra Ümumrusiya Azərbaycan Konqresinin müxtəlif nominasiyalarda mükafatları verilmişdir. Konqres adından “Crocus İnternational” şirkətinin vitse-prezidenti Emin Ağalarov “Diasporun şərəf və ləyaqəti” nominasiyasında mükafatı xalq artisti Müslüm Maqomayevə, Konqresin prezidenti Məmməd Əliyev “Gənclik diasporun gələcəyidir” nominasiyasında “İlin gənc siyasətçisi” mükafatını Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təqdim etmişlər.
Akademik Əhməd İsgəndərov “Canlı əfsanə”, professor Tofiq Məlikli “İlin ən yaxşı təhsil işçisi”, Ədalət Hüseynov “İlin ən yaxşı regional təşkilat rəhbəri”, Ruslan Məmmədov “İlin idmançısı” nominasiyalarında mükafatlara layiq görülmüşlər.
Tədbir Azərbaycan estrada müğənnilərinin konserti ilə başa çatmışdır.