ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATINA DAİR SƏNƏD İMZALANMIŞDIR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, ölkəmizin Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər)” əhəmiyyətini vurğulamışdır.
Nazir bildirmişdir ki, Proqramın həyata keçirilməsi nəticəsində ümumtəhsil müəssisələrində hər 33 şagirdə bir kompüter düşəcək və 10 minə qədər yeni iş yeri açılacaqdır.
Qeyd edilmişdir ki, sentyabr ayından müəyyənləşdirilmiş məktəblərə kompüter və digər avadanlıq verilməsinə başlanmışdır.
İmzalanan layihə haqqında açıqlama verən M.Mərdanov demişdir ki, o, Azərbaycan hökuməti və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçiriləcəkdir. 14 ay müddətində - 2006-cı ilin dekabrınadək reallaşdırılacaq layihə üçün Azərbaycan hökuməti 1 milyon, BMTİP isə 300 min ABŞ dolları ayıracaqdır.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP-in nümayəndəsi Marko Borsotti yeni informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin əhəmiyyətindən bəhs etmiş, uğurlar arzulamışdır.
Sonra layihə sənədi imzalanmışdır. Sənədi təhsil naziri Misir Mərdanov və Marko Borsotti imzalamışlar.