AZƏRTAC xəbər verir ki, ötən il “Unileasing” lizinq şirkəti 2005-2008-ci illər üçün ortamüddətli inkişaf planında nəzərdə tutulanları yerinə yetirmişdir. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, şirkət 2005-ci ilin yekunlarına əsasən, həm lizinq portfelinin həcminə, həm də aktivlərin ölçüsünə görə ən iri özəl lizinq şirkəti olmuşdur. Şirkətin aktivləri 700 faiz, lizinq portfeli 1012 faiz artmış, mənfəət planı 263 faiz yerinə yetirilmişdir. Lizinq portfelinin həcminə görə bazarın payı 20 faiz təşkil etmişdir. Ötən il ərzində 59 müqavilə bağlanmışdır. 2005-ci il dekabrın 31-nə lizinq portfeli 20 milyard manatdan çox olmuşdur. Alınmış və lizinqə verilmiş avadanlığın, nəqliyyat vasitələrinin və inşaat texnikasının ümumi dəyəri 25 milyard manatdan artıq olmuşdur. Maliyyə ilinin sonunadək şirkətin aktivləri 3 565 milyon manat təşkil etmişdir.
2005-ci ildə şirkət üç yeni layihə hazırlayıb həyata keçirmişdir. Hazırda “Unileasing” müştərilərinə inşaat, nəqliyyat, ticarət, təbabət, aqroprosessinq, maliyyə, sənaye, turizm sahələrində texnoloji avadanlıq, maşın və mexanizmlər, nəqliyyat vasitələri və tibb avadanlığı lizinqini təklif edir.
2005-ci ildə şirkət zavod və fabriklərin inşası, habelə mülki tikinti sahəsində müəssisələrin texniki cəhətdən yenidən qurulması üzrə bir neçə iri layihə həyata keçirmişdir.
2006-cı ildə “Unileasing” regional inkişaf planının gerçəkləşdirilməsinə başlayır. Şirkət ilk ofisini cari ilin martında Gəncədə açacaqdır.