“Unudulmaz faciə” mövzusunda onlayn tədbir təşkil olunub
Bakı, 1 aprel, AZƏRTAC
Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Unudulmaz faciə” mövzusunda onlayn anım tədbiri keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10 yarımbəndinin icrasının təmin olunması məqsədi daşıyıb.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Əsədova və Heydər Əliyev Mərkəzinin işçisi Aygün İsayeva çıxış edərək mart soyqırımı barədə ətraflı məlumat veriblər. Çıxışlarda soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq və bir daha belə hadisələrin təkrarlanmaması üçün Vətən müharibəsində göstərdiyimiz milli birliyin daim nümayiş etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.