Urmiya gölünün qurumaması üçün ildə ən azı 6 milyon kubmetr suya ehtiyac duyulur
Bakı, 24 yanvar, AZƏRTAC
Urmiya gölünün quruması ekoloji fəlakətlərə şərait yaratmaqla soydaşlarımızı öz tarixi yurdlarını tərk etməyə məcbur edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edir: “Bu bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. Etinasız yanaşma nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140, eni 55 kilometr, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Həmin su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tutur. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladılar, BMT-yə qədər müraciət edildi. Lakin təəssüflər olsun ki, həmin müraciətə reaksiya verilmədi”.
Komitə üzvünün sözlərinə görə, həmin ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Gölün qurumaması üçün ildə ən azı 6 milyon kubmetr suya ehtiyac duyulur. Bu qədər su illərdir həmin gölə tökülmür. Bu gedişlə Urmiya gölü tam quruyacaq. Yaranmış vəziyyətlə əlaqədar insanlar həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Cənubi Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Bununla Güney Azərbaycanda ekoloji terror törədilib. Bu, təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına mənfi təsir göstərir, yaşayış yerini tərk etməsinə səbəb olur. Urmiya gölü cənublu soydaşlarımız üçün mənəvi məna kəsb etdiyindən davamlı olaraq gölün qurudulmasına qarşı etiraz səslərini ucaldırlar”.