Uşaq İncəsənət Festivalının Qaxda keçirilən seçim turlarında 115 uşaq iştirak edəcək
Qax, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə respublikamızda Uşaq İncəsənət Festivalı başlayıb. Aprelin 19-da Qax rayonunda da festivalın birinci mərhələsi üzrə tədbirlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonu üzrə festivalın seçim turları rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev Mərkəzində təşkil olunub. Seçim turunun ilk günündə 24 uşaq piano ifaçılığı, tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Növbəti günlərdə xalq çalğı alətləri, xor, rəqs, xanəndəlik sənəti, bədii qiraət, aktyorluq və rəqəmsal incəsənət nominasiyaları üzrə tədbirlər keçiriləcək.
Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova bildirib ki, 6-17 yaş aralığında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.
Ümumiyyətlə, festivalın Qax rayonu üzrə mayın 2-dək davam edəcək seçim turlarında 115 uşağın iştirakı nəzərdə tutulur. Birinci mərhələnin qalibləri festivalın final mərhələsində iştirak hüququ əldə edəcəklər.