Uşaq İncəsənət Festivalının Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb
Sabirabad, 19 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi Sabirabad Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə start götürüb.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aprelin 19-da idarənin tabeliyindəki 9 müəssisədə keçirilən birinci mərhələdə ilkin olaraq, piano ifaçılığı, rəssamlıq, dekorativ-tətbiqi sənət və solo milli rəqs nominasiyaları üzrə qeydiyyatdan keçən uşaqlar iştirak ediblər.
Ümumilikdə 252 uşaq qeyd olunan nominasiyalar üzrə Uşaq İncəsənət Festivalının birinci mərhələsinə qatılıb.
Peşəkar və həvəskar kateqoriyalar üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında olacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.