“Uşaqlarla peşəkar əlaqə” adlı multidisiplinar konfrans keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Uşaqlarla peşəkar əlaqə” mövzusunda multidisiplinar konfrans keçirilib.
BŞİH-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Dövlət Himni səsləndirilib.
Konfrans çərçivəsində keçirilən “Uşaqların həyata dair baxışı sosial-ictimai mühitdə” adlı plenar iclasda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək tədbirin əhəmiyyəti və uşaqların təlim-tərbiyəsinin cəmiyyət üçün vacibliyi barədə danışıb.
Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında “valideyn-müəllim-şagird” üçlüyündə birgə fəaliyyətin əhəmiyyətindən və məktəblərdə sosial pedaqoqların mühüm rolundan bəhs edib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva rayon səviyyəsində həyata keçirilən tədbirlər və əməkdaşlıq etdiyi qurumlar barədə məlumat verib.
Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva mövzuya müxtəlif praktiki nümunələr əsasında yanaşaraq fikirlərini bölüşüb.
“Uşaqların hüquqlarının qorunması missiyası: predmetlər və həlli yolları” adlı növbəti plenar iclasda Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Nəsimi Rayon Prokurorluğunun əməkdaşı Xanım Əşrəfova, Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidova, Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin “Ana və uşaqların sağlamlığının qorunması” sektorunun müdiri Aynurə Zeynalova çıxış edərək uşaqların müdafiəsi məsələsinə toxunublar.
“Müasir təhsil sferasının uşaqların yetişməsində təsiri və rolu” mövzusunda keçirilən plenar iclasda isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nuru İmanov, Abdulla Rəhimov adına 247 nömrəli məktəbin direktoru Sitarə Abbasova, Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova və Texniki-Humanitar Liseyin direktoru Kəmalə Mirzəyeva çıxış edərək mövzu ilə bağlı öz sahələri üzrə fikirlərini bölüşüblər.
Konfransın yekun dəyərləndirməsini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov təqdim edib.
Tədbirin sonunda rayon yaradıcılıq mərkəzlərinin şagirdləri tərəfindən “Vətən süitası” və “Azərbaycan bayrağı” adlı rəqs kompozisiyaları nümayiş etdirilib.