ÜTT: ABŞ-ın tarif siyasəti dünya ticarət sistemini təhdid altında qoyur

Bakı, 15 may, AZƏRTAC
ABŞ-Çin tarif müharibəsində gərginliyin azalmasına baxmayaraq, beynəlxalq ticarət böhran içərisindədir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İveala bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-ın ikitərəfli tarif razılaşmaları ticarət prinsiplərini təhdid edə və ÜTT sisteminin əsası olan əlverişli şəraiti poza bilər.
“ABŞ və Çin arasında gərginliyin azalmasına baxmayaraq, dünyanın iki ən böyük iqtisadiyyatının bir-birinə 100 faizdən çox rüsum tətbiqi qlobal iqtisadiyyatda əks-səda doğuracaq. Bunu görən ölkələr bu və ya digər tərəfə uyğunlaşmağa başlayacaq. Bu da beynəlxalq sistemdə parçalanmaya səbəb olacaq. Bu, 2008-2009-cu maliyyə böhranı zamanı beynəlxalq ticarətə vurulan zərbədən daha pis ola və uzunmüddətli perspektivdə qlobal ümumi daxili məhsulun yeddi faiz azalması ilə nəticələnə bilər”, - deyə Nqozi Okonjo-İveala bildirib.
Mayın 10-11-də ABŞ və Çin arasında baş tutan gömrük mübahisəsinin həlli üzrə Cenevrə görüşündə tərəflər arasında tariflərin müvəqqəti azaldılması barədə razılıq əldə olunub. Mayın 14-dən başlayaraq 90 gün müddətində qüvvədə qalacaq tənzimləmə dövrü zamanı Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi rüsumlar 145 faizdən 30 faizə, Pekinin ABŞ məhsullarına tətbiq etdiyi rüsumlar isə 125 faizdən 10 faizə endiriləcək.
Qeyd edək ki, ABŞ ilə Çin arasında ticarət dövriyyəsi yüksək gömrük rüsumları səbəbindən demək olar ki, dayanıb. Dünyada ən böyük iqtisadiyyata malik iki ölkə arasında münasibətlər aprel ayında ticarət mübahisəsinin kəskinləşməsi səbəbindən daha da gərginləşib. Birləşmiş Ştatların Prezidenti Donald Tramp Çin mallarına 145 faiz, Pekin isə ABŞ mallarına 125 faizlik əks rüsum tətbiq edib.