İDMAN
Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinalda mübarizəni dayandırıb
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019”un yarımfinal mərhələsində mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 50 metr məsafəyə sərbəst üzmə yarışında 26.68 saniyə nəticə göstərərək finala adlayan səkkizlikdən kənarda qalıb.
Nina Stanisavleviç (Serbiya), Evelin Deyvis (Böyük Britaniya), Bianka Kostea (Rumıniya), Karmen Veyler Sastr (İspaniya), Milou Van Viyk (Hollandiya), Darya Trofimova (Rusiya), Amelie Zaxenhuber (Almaniya) və Lyusil Tessariol (Fransa) medallar uğrunda mübarizə aparmaq şansı əldə ediblər.
Digər təmsilçimiz Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatıb. Nəticədə A.Səfərova medalçılar sırasına düşə bilməyib.
Bu yarışda Türkiyə atleti Beril Böcekler birinci, Böyük Britaniya üzgüçüsü Freya Kolbert ikinci, Rusiya təmsilçisi Marqarita Varulnikova üçüncü yeri tutublar.
Xatırladaq ki, B.Böcekler fərdi yarışlarda üçüncü çempionluğunu rəsmiləşdirib. Bundan əvvəl o, 200 və 400 metr məsafələrə sərbəst üzmə yarışlarında qızıl medal qazanıb.