REGİONLAR
ÜZÜM PLANTASİYALARINDAN İLK MƏHSUL GÖTÜRÜLƏCƏK
İsmayıllı rayonunda son illər üzümçülük sürətlə inkişaf etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 356 hektarda yeni üzüm plantasiyaları salınmışdır. Əvvəlki bağlarla birlikdə plantasiyaların ümumi sahəsi 701 hektara çatdırılmışdır. Son dövrlərdə salınmış bağların 356 hektarından bu il məhsul götürüləcəkdir. Hazırda plantasiyaların yaz becərilməsi müvəffəqiyyətlə davam etdirilir, cərgəaraları şumlanır, belləmə işləri görülür, xəstəliklərə və ziyanvericilərə qarşı dərmanlama aparılır.
Fermerlər bütün diqqəti plantasiyaların yüksək aqrotexniki qaydada becərilməsinə yönəltmişlər. Hər gün bağlarda yüzlərlə işçi qüvvəsi, 30-35 texnika işləyir. İlkin hesablamalara görə, bu il rayonda 5 min tondan çox məhsul yığılacaqdır.