VAŞİNQTON 7 ÖLKƏDƏN ABŞ-A AĞBALIQ KÜRÜSÜ GÖNDƏRİLMƏSİNƏ İMKAN VERƏN TƏDBİRLƏRİ ELAN ETMİŞDİR
ABŞ hökuməti strukturuna daxil olan Balıq və Ovçuluq Təsərrüfatı Xidməti nərə balıqlarının mühafizəsi üzrə tədbirlər planlarını və cədvəllərini, illik hesabatları, habelə həmin sahədə milli qanunların surətlərini Amerika hökumətinə təqdim edən ölkələrdən ABŞ-a ağbalıq kürüsü ixracına icazə verməyi nəzərdə tutur.
Xidmət, həmçinin bildirir ki, ağbalıq kürüsü və ətinin göndərilməsinə icazə süni surətdə yetişdirilən balıqlara şamil edilmir.
Bu ilin aprel ayında ABŞ hökuməti ağbalığın kökü kəsilməkdə olan balıq növləri siyahısına daxil olunması barədə qərar qəbul etmişdir, bu isə ağbalıq kürüsü idxalına ciddi məhdudiyyətlər və xüsusi icazələr tətbiq olunması deməkdir. Yeni qayda 2004-cü il oktyabrın 21-dən qüvvəyə minəcəkdir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, ABŞ-da bir kiloqram ağbalıq kürüsünün qiyməti 3,2 min dollara çata bilər.