“VAŞİNQTON TAYMS”: ABŞ-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIĞI QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNİ GENİŞLƏNDİRİR
Məqalənin müəllifi nüfuzlu Corctaun Universitetinin professoru Rob Söbhani BTC-nin reallaşmasında çox mühüm rol oynamış insanın, Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyevin kəmərin rəsmi açılış mərasiminin şahidi olmamasını təəssüflə xatırlatmışdır. O bildirmişdir ki, məhz Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan neft kəmərinin reallaşması bir sıra xarici ölkələrin çoxsaylı təzyiqlərinə tab gətirə bilmişdir. Prezident Heydər Əliyev inanırdı ki, ABŞ-ın və Azərbaycanın maraqları biri-birini tamamlayır. Xəzər neftinin, qazının hasilatı və beynəlxalq bazarlara ötürülməsində bu maraqlar, xüsusilə, üst-üstə düşür. Məqalənin müəllifi qeyd etmişdir ki, XXI əsrin möcüzəsi olan BTC kəməri həm ətraf mühitin qorunması baxımından təhlükəsizdir, həm də iştirakçı ölkələrə rifah gətirən bir layihədir. Belə ki, kəmərin keçdiyi ərazidə yerləşən ən azı 500 kənd və qəsəbədə infrastruktur yaxşılaşdırılmışdır. Azərbaycanda ÜDM hər il daha 20 faiz artacaq və ölkə Xəzər dənizinin Küveytinə çevriləcəkdir.
Rob Söbhani vurğulamışdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin geostrateji əhəmiyyəti Şərq-Qərb dəhlizi boyu ABŞ-ın üç müttəfiqini birləşdirməkdən ibarətdir. Enerji təhlükəsizliyi ilə əlaqədar zəruri olan bu strateji üstünlüyü saxlamaq üçün Vaşinqton bəzi təşəbbüsləri nəzərdən keçirməlidir. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Amerika diplomatiyasının prioritetinə çevrilməlidir. Çünki münaqişənin yenidən qızışması neft axarına mənfi təsir göstərə bilər. Konqres ABŞ-Azərbaycan hərbi əlaqələri inkişaf etdirmək üçün vəsait ayırmalıdır.
Müəllif hesab edir ki, son on ildə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq hər iki ölkəyə çox kömək etmişdir. BTC kəmərinin simasında bu vacib tərəfdaşlıq həm də qlobal enerji təhlükəsizliyini genişləndirir.