Vaşinqtonda Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi anılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları Ulu Öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirminci ildönümünü və bu ilin xüsusilə vacib olduğunu diqqətə çatdırıb. Səfir Prezident, Ali Baş Komandan İlham Əliyevə istinad edərək dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu qeyd edib. Səfir, həmçinin Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın əsasını qoyduğunu və bu güclü təməlin nəticəsində Azərbaycanın tam suveren dövlət olduğunu qeyd edib.
Səfir anım tədbirində iştirak edən ABŞ-da müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən yerli azərbaycanlı icmasına istinad edərək bu gün dövlətimizin gücünün yalnız Azərbaycanda deyil, eyni zamanda, dünyanın hər bir bölgəsində, xüsusilə də Birləşmiş Ştatlarda mövcud olduğunu vurğulayıb. Çıxışının sonunda X.İbrahim dövlətimizin Heydər Əliyevin qurduğu cizgiləri çox əminliklə irəliyə apardığını və bundan sonra da bu cizginin davam etdirilməsinin hər kəsin borcu olduğunu bildirib.
Səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov isə deyib ki, Azərbaycan xalqı hər il olduğu kimi bu il də Heydər Əliyevin əziz xatirəsini yad edir. O, Ümummilli Liderin Azərbaycanın bütün sahələrinə diqqət yetirdiyini qeyd edərək, bu sahələrdən birinin ordu quruculuğu olduğunu bildirib. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə orduda islahatların başladığını, qısa zaman ərzində Ordumuzun inkişaf etdiyini, hərbi hissələrin yarandığını, o cümlədən Azərbaycanın milli kadrlarının yetişdiyini, təhsil və tədrisin başladığını bildirib. R.Gözəlov məhz Heydər Əliyevin dövründə Azərbaycan və NATO arasında əməkdaşlıq əlaqələrinin, eləcə də digər dövlətlərlə hərbi əməkdaşlıq münasibətlərinin yarandığını qeyd edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar nümayiş olunub.