VAŞİNQTONDA “BAKI-TBİLİSİ-CEYHAN: QƏRBƏ AÇILAN NEFT PƏNCƏRƏSİ” MÖVZUSUNDA MÜZAKİRƏLƏR KEÇİRİLMİŞDİR
Natiqlər bildirmişlər ki, bu yaxınlarda Azərbaycan nefti ilə dolu ilk tanker Ceyhan limanından yola salınacaqdır. Hazırda Bakı-Tbilisi-Ceyhan kəmərinin siyasi və iqtisadi əhəmiyyəti birmənalı olaraq qəbul edilir. Lakin bu layihənin hansı çətinliklərlə qarşılaşması unudulmamalıdır. BTC neft kəmərini səciyyələndirən cəhətlər onun yeni regional enerji infrastrukturu olması, dünya standartlarına uyğun gəlməsi və qlobal enerji təhlükəsizliyinə töhfə verən layihə olmasıdır. Şərq-Qərb dəhlizinin əsas hissələrindən olan bu kəmər iştirakçı ölkələrin iqtisadi asılılığını azaldır. Dünya bazarına qeyri-OPEK mənbəyindən çıxarılacaq neft Avropa və Amerika maraqlarına da cavab verir.
Svante Kornel layihənin Azərbaycana təsiri üzərində ətraflı dayanmışdır. Onun sözlərinə görə, boru xətti ölkəmiz üçün həm geostrateji, həm də iqtisadi zərurət daşıyır. Enerji layihələri vasitəsilə siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan dünya dövlətləri sırasında öz yerini tutub, bölgədə onunla hesablaşmalı olunduğunu bəyan edir. Svante Kornel xatırlatmışdır ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatlarının 20 ildən sonra tükənəcəyi həmişə diqqət mərkəzində olmalıdır. Bu müddət ərzində Azərbaycanın qarşısında həlli vacib məsələlər durur - yoxsulluğun, korrupsiyanın aradan qaldırılması, köhnəlmiş infrastruktur və təsisatlara dair islahatlar, neft gəlirlərinin cəmiyyətin rifahına sərf edilməsi. Bu, Ermənistanla münaqişədə və 1 milyon qaqçın və köçkünü olan dövlət üçün heç də asan deyildir. Lakin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə yanaşı, digər layihələr - qaz kəməri, dəmir yolu, kommunikasiya xətləri Azərbaycanı təkcə irimiqyaslı istehsalçıya deyil, həm də tranzit ölkəyə çevirəcəkdir.
Müzakirələri AZƏRTAC-ın müxbirinə şərh edən Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev demişdir: “İlk gündən BTC layihəsinə böyük dəstək verən ABŞ bu gün də eyni mövqedən çıxış edir. Bu müzakirələrin mahiyyəti ondan ibarətdir ki, biz müvəffəqiyyətlə başa çatan boru xəttinə nəzər salmaqla, yeni layihələr haqqında düşündük. Şərq-Qərb dəhlizinin bel sütunu olan Bakı-Tbilisi-Ceyhan ətrafında yeni layihələr yarandıqca, Avropa Asiya ilə genişlənən əlaqələrdən bəhrələnəcəkdir. BTC-nin təşəbbüskarı olan və onun həyata keçirilməsində əvəzedilməz rol oynayan ümummilli lider Heydər Əliyev 2002-ci ildə məhz Con Hopkins Universitetində layihəyə dair geniş məruzə ilə çıxış etmişdi. Bu çıxışdan sonra Vaşinqton siyasətçiləri və təhlilçilərinin layihənin gələcəyinə inamı daha da artmışdı”.