VATİKANIN RƏSMİ NÜMAYƏNDƏSİ TƏCİLİMİSSİYA İLƏ BAKIYA GƏLMİŞDİR
Görüşdə R.Makritskas təəssüflə bildirmişdir ki, Roma Katolik kilsə başçısının çıxışı xoşagəlməz reaksiya doğurmuş, müsəlmanların etiraz və qəzəbinə səbəb olmuşdur. O qeyd etmişdir ki, bu, heç vəchlə Vatikanın və onun başçısının İslam dininə və müsəlmanlara qarşı mənfi münasibətindən qaynaqlanmır.
R.Makritskas şeyxülislamdan xahiş etmişdir ki, Vatikanın Azərbaycan xalqına və İslama hörmət və ehtiramını müsəlmanlara çatdırsın və baş verənləri anlaşılmazlıq kimi qəbul etsin.
Roma Papasının ona ünvanladığı və bu fikirləri ifadə edən sənədləri qəbul edən A.Paşazadə vurğulamışdır ki, din xadimlərinin, ələlxüsus, dini liderlərin müqəddəs borcu dinlər və milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında qarşılıqlı hörmət və səmimiyyət yaratmaqdır.
XVI Benediktin sələfi II İohann Pavel ilə görüşünü xatırlayan şeyxülislam A.Paşazadə, mərhum Papanın məhz səmimi dinlərarası dialoqun, qarşılıqlı hörmət və dini dözümlülüyün bəşəriyyəti sülhə və əmin-amanlığa qovuşdurmaq iqtidarında olması barədə fikirlərini diqqətə çatdırmışdır.
A.Paşazadə bu dəst-xəttin davam etdirilməsinin əhəmiyyətini vurğulamış və ümidvar olduğunu bildirmişdir ki, Vatikan və onun başçısı bunu əyani şəkildə nümayiş etdirəcəklər.