ELM VƏ TƏHSİL
Veb-proqramlaşdırma üzrə yarışa qeydiyyat yekunlaşıb
![Veb-proqramlaşdırma üzrə yarışa qeydiyyat yekunlaşıb](/files/2021/2/1200x630/16254929791860543362_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
“WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil ediləcək veb-proqramlaşdırma üzrə yarışa qeydiyyat yekunlaşıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iki həftə davam edən qeydiyyat prosesində 102 iştirakçı qeydiyyatdan keçib.
Sabah onlayn formatda keçiriləcək “Speed test” mərhələsini uğurla tamamlayan gənclər iyulun 12-13-də təşkil olunacaq final mərhələsində iştirak imkanı qazanacaq. Final mərhələsində isə ilkin seçim mərhələsində yüksək nəticə göstərənlər “front-end”, “back-end” və “CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək yarış ölkəmizdə “WorldSkills” formatına uyğun ilk yarış olacaq. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən ediləcək.
Qaliblər yarışın baş sponsoru “ATL Tech” və “ATL Academy” şirkətlərində təcrübə keçmək, müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, “WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq yarışda Azərbaycanı təmsil edə biləcəklər.
Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.