Vəkillər Kollegiyası maarifləndirici videoçarx hazırlayıb
Bakı, 15 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyası dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb.
Kollegiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 iyul tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin Məcəllə ilə müəyyənləşdirilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Bunu görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası tərəfindən Bakıda və regionlarda bir çox maarifləndirmə tədbirləri keçirilir. Eyni zamanda, aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosialyönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici videoçarx hazırlanıb.
Kollegiya həmin maarifləndirici sosial çarxı təqdim edir: https://www.youtube.com/watch?v=b-KfKyWxYow