VERGİLƏR NAZİRLİYİ VERGİ ORQANLARINDA BOŞ İŞ YERLƏRİNƏ NAMİZƏDLƏRİN SƏNƏDLƏRİNİN QƏBULUNA BAŞLAMIŞDIR
Nazirliyin kadr siyasəti və hazırlığı idarəsinin rəisi Faiq Şahbazov məlumat verərək demişdir ki, vergi orqanlarında işə qəbul olunmaq istəyən Azərbaycan vətəndaşları sentyabrın 20-dən oktyabrın 11-dək müəyyən edilmiş formada ərizə ilə Vergilər Nazirliyinə şəxsən müraciət etməlidirlər. Ərizə blankı Vergilər Nazirliyindən götürülməlidir. Həmin müddətdə bu sənədlər - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi formada ərizə (ərizə blankı Vergilər Nazirliyindən götürülməlidir); şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; tərcümeyi-hal; kadrların şəxsi uçot vərəqəsi; 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil; ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti; əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı barədə arayış; yaşayış yeri üzrə poliklinikadan arayış; Bakı şəhərinin Zığ şosesindəki 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserindən arayış və yoxlama aktı; yaşadığı ünvan və ailə tərkibi haqqında arayış; nikah, uşaqların doğumu və boşanma haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətləri; hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti Vergilər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd olunmuşdur ki, müraciət edən şəxsin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmadığını qabaqcadan müəyyənləşdirmək üçün sənədlər noyabrın 10-dək yoxlanılacaqdır. Yoxlama dövründə sənədlərdə uyğunsuzluq və ya qəsdən təhrif olunmuş məlumatlar aşkar edilərsə, namizəd müsabiqəyə buraxılmayacaqdır. Eyni zamanda, belə hal namizəd test imtahanını və müsahibəni müvəffəqiyyətlə başa vuraraq Vergilər Nazirliyi sistemində işlə təmin olunduqdan sonra da aşkarlanarsa, bu, onun vergi orqanlarında fəaliyyətinə xitam verilməsinə əsas yaradacaqdır.
Növbəti mərhələdə müsabiqəyə buraxılacaq namizədlərin siyahısı təsdiq ediləcəkdir. Sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası noyabrın 26-da test imtahanı, ikinci mərhələdə – dekabrın 4-dən 8-dək Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası test imtahanlarını uğurla başa vurmuş namizədlərlə müsahibə keçirəcəkdir. Müsabiqənin nəticələri barədə kütləvi informasiya vasitələrində dekabrın 11-də məlumat veriləcəkdir.
Nazirlik sistemində boş yerlər haqqında məlumat verən F.Şahbazov diqqətə çatdırdı ki, test imtahanından və müsahibədən keçəcək şəxslər 2 saylı Sumqayıt Ərazi Vergilər İdarəsində (ƏVİ) 5, 3 saylı Quba ƏVİ-də 1, 4 saylı Şamaxı ƏVİ-də 4, 5 saylı Əli-Bayramlı ƏVİ-də 6, 8 saylı Beyləqan ƏVİ-də 1, 9 saylı Göyçay ƏVİ-də 4 , 10 saylı Qəbələ ƏVİ-də 6, 11 saylı Yevlax ƏVİ-də 2, 13 saylı Zaqatala ƏVİ-də 2, 14 saylı Şəmkir ƏVİ-də 4 - cəmi 37 boş iş yerini tutacaqlar.
İdarə rəisi dedi ki, 2005-ci ildə keçirilən müsabiqədə müvafiq bal toplaya bilməyən namizədlərin sənədləri (əgər namizəd sənədlərini geri tələb etməsə) sentyabrın 20-dən etibarən Vergilər Nazirliyində bir ay saxlanıldıqdan sonra məhv ediləcəkdir.