VƏTƏN HƏSRƏTİ JİRİNOVSKİNİ QAZAXISTAN BARƏDƏ FİKRİNİ DƏYİŞDİRMƏYƏ MƏCBUR ETDİ
Jirinovski Qazaxıstanın Rusiyadakı səfiri Janseit Tuymebayevin adına məktub yazaraq, “Qazaxıstanın suverenliyini nəinki tanıdığını, həm də onu gözəl ölkə hesab etdiyini” bildirir. Ona görə də səfirdən “doğulduğu və boya-başa çatdığı yerlərə getməsində kömək göstərməyi” xahiş edir.
Qəzet qeyd edir ki, Vladimir Volfoviç “doğma yerlərdə” üç gün qalmaq niyyətindədir. Qəzet yazır ki, onun Qazaxıstan barədə fikrindən dönməsi, görünür, “vətən həsrəti” ilə bağlıdır.
Qəzet yazır: “Bu il Jirinovskinin 60 yaşı tamam olur və çox güman ki, bu yubiley onda öz köklərinə meyil hissləri doğurmuşdur. O, lap bu yaxınlarda İsrailə gedərək, atasının məzarını tapmışdır. İndi isə Almatıya nostalji səfər etmək niyyətindədir”.
Xatırladaq ki, Jirinovski müsahibələrindən birində Qazaxıstanın suverenliyini şübhə altına almış və bundan sonra 2010-cu ilədək Qazaxıstana getmək hüququndan məhrum edilmişdir.
Görəsən, Qazaxıstan iqtidarı “doğma yerlər üçün burnunun ucu göynəyən” siyasətçiyə rəhm edəcəkmi? Bu, yaxın günlərdə məlum olacaqdır.