CƏMİYYƏT
Vətən müharibəsi şəhidlərinin ruhu Londonda anılıb VİDEO
London, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin müşavirləri Rəşad Vahabzadə və Günel Səlimova çıxış edərək 27 sentyabr 2020-ci il tarixinin şanlı qələbəmizin başlanğıcı olduğunu bildiriblər. Diplomatlar 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Qarabağı işğaldan azad etməsinin misilsiz qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar.
Qeyd olunub ki, şanlı qələbəmiz ölkə başçısı tərəfindən ordu quruculuğu və iqtisadi inkişaf naminə aparılan davamlı islahatlar və müstəqil, çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi idi. Vətən müharibəsində ordumuzun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə nümayiş etdirdiyi şücaət və döyüş taktikası bu gün dünya dövlətləri və beyin mərkəzləri tərəfindən öyrənilir.
Tədbir iştirakçıları həmin dövrdə dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsindən, həmvətənlərimizin müxtəlif ölkələrdə keçirdikləri tədbirlərdən, eləcə də informasiya müharibəsində qələbənin təmin edilməsi istiqamətində gördükləri işlərdən bəhs ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London