Vətən müharibəsində iştirak edən hərbçilərimiz Naxçıvana qayıdıblar
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvan Muxtar Respublikasına geri qayıdıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Müzəffər Ali Baş Komandanımız, ölkəmizin ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti, Azərbaycan Ordusunun qüdrəti ilə bağlı şüarlar səsləndirilib.
Vətən müharibəsində iştirak edən qəhrəman hərbçilərimiz AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətlərində Şuşa şəhərinə qədər döyüş yolu keçdiklərini, torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etməyin, şəhidlərimizin qisasını almağın qürurunu yaşadıqlarını deyiblər. Döyüşçülərimiz Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur hissi keçirdiklərini dilə gətiriblər. Qəhrəman hərbçilərimiz şəhid olan döyüşçülərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər.