“Vətən qürur mənbəyimiz” adlı onlayn konfrans keçirilib
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə keçirilən tədbirlərdən fərqli olaraq builki konfransın onlayn formatda keçirilməsi də gənclərimizə vətəndaşlıq və milli vətənpərvərlik hisslərinin aşılanmasına, bu duyğuların fəlsəfəsini izah etməyə mane ola bilməyib.
Milli qəhrəmanlar, Qarabağ qaziləri, habelə, Aprel döyüşlərində iştirak etmiş hərbçilər, ictimai xadimlər, gənclər təşkilatlarının rəhbərləri, könüllülük hərəkatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə keçirilən görüşdə bu günün əhəmiyyətindən danışılıb, gənclərdə vətəndaşlıq hisslərinin aşılanması ilə bağlı görülən və qarşıda duran işlərdən söz açılıb, Azərbaycan Silahlı Qüvvələrinin son illərdə keçdiyi inkişaf yolu müzakirə olunub.
Milli qəhrəmanlarımız bildiriblər ki, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır. Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri öz vətənini sevən, onun tərəqqisinə çalışan, azadlığı uğrunda vuruşmağa və canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər.
Görüş iştirakçıları ölkəmizin müharibə şəraitində yaşadığı bir dönəmdə, eyni zamanda, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı şəraitdə gənclərimizin də ön sıralarda olmalarının zəruriliyini vurğulayıblar.