VƏTƏNDAŞLAR RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ İLƏ TELEFON ƏLAQƏSİ SAXLAMIŞLAR
“Qaynar xətt”lə müraciət edənlərin çoxu rabitə xidmətinin keyfiyyətini yüksəltmək, ATS-ləri elektronlaşdırmaq, telefon abunə xidmətlərini genişləndirmək, telefon danışıqlarına limit tətbiq etmək və digər məsələlərlə bağlı suallar vermişlər.
Nazir bildirmişdir ki, rabitə və informasiya texnologiyaları sistemində bir sıra dəyişikliklər olacaq, ölkəmizə üçüncü mobil operator gələcəkdir. Beynəlxalq danışıqlar üçün sərf edilən vəsait 3 dəfə azaldılacaq, əvəzində abunə haqları qaldırılacaqdır. Şəhərlərarası, həm də beynəlxalq danışıqlardan istifadə etməyən telefon sahiblərinin abunə haqqı dəyişməyəcəkdir. Telefon danışıqlarına limitin tətbiqinə ehtiyac yoxdur. Çünki beynəlxalq danışıqların qiymətləri aşağı salınırsa, onda həmin xidmətlərdən istifadə edənlərin abunə haqları müəyyən qədər qaldırılacaqdır.
Ə.Abbasov yerli şəhərlərarası və beynəlxalq rabitə, televiziya yayımı, poçt və teleqraf xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək üçün əhalinin müraciət və təkliflərini təhlil etmiş, rabitə xidmətləri ilə bağlı rəyləri öyrənmiş, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.