Volodimir Zelenski Balkan ölkələrini birgə silah istehsalına çağırıb
Belqrad, 29 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Balkan ölkələrini müdafiə sənayesini gücləndirməyə və birgə silah istehsal etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada “Ukrayna-Cənub-Şərqi Avropa” sammiti keçirilib. Volodimir Zelenski sammit zamanı Balkan ölkələrinin liderləri ilə görüşdə onlara siyasi və humanitar dəstəyə görə təşəkkür edib. Ukrayna Prezidenti Kiyevdə və ya Balkan ölkələrinin paytaxtlarının birində müdafiə sənayesinə dair birgə forumun keçirilməsini təklif edib.
Sammitdə Albaniyanın Baş naziri Edi Rama, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqro Prezidenti Yakov Milatoviç, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo, Moldova Prezidenti Maya Sandu, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Kosovo Prezidenti Vyosa Osmani iştirak ediblər.
2022-ci ilin fevralında Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Volodimir Zelenski ilk dəfədir Albaniyaya səfər edib. Müharibə dövründə Balkan ölkələrinin əksəriyyəti Ukraynaya dəstək verib və Rusiyaya qarşı sanksiyalara qoşulub. Həmçinin Kiyevin müdafiə sektoruna yardımlar göndərib və ukraynalı miqrantları qəbul edib. Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə Balkan ölkəsidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad