V.OZEROV: “QƏBƏLƏ RLS OLMADAN RUSİYAYA ÖZ MİLLİ TƏHLÜKƏSİZLİYİNİ QURMAQ ÇƏTİNDİR”
Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, Rusiya Azərbaycanla əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. O demişdir: “Bizim üçün xoşdur ki, Azərbaycanda rəhbərlik dəyişilərkən Rusiya Federasiyasına münasibət xəttində kəskin dəyişiklik baş vermədi. Çox şadıq ki, münasibətlərimiz məqsədyönlüdür və indi Rusiya ilə Azərbaycan arasında dəfedilməz çətinliklər yoxdur”.
Viktor Ozerov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ildən-ilə möhkəmlənməsinin də məmnunluq doğurduğunu söyləmişdir. Komitə sədri daha sonra demişdir ki, mən inişil Rusiya-Azərbaycan sərhədində oldum, burada Azərbaycan sərhədçiləri ilə birlikdə Rəsul Həmzətov adına yeni məntəqə açdıq. Orada mən nəinki bu tədbirin yüksək səviyyədə təşkil edildiyini, həm də sərhədçilərimiz arasında qarşılıqlı anlaşma olduğunu gördüm.
Ozerov hesab edir ki, Azərbaycan ərazisindəki RLS-in Rusiya üçün böyük əhəmiyyəti var. Bu baza olmadan Rusiyaya öz milli təhlükəsizliyini qurmaq çətindir, həmin obyektdən istifadə haqqında imzalanmış sazişlər və sənədin ratifikasiya edilməsi bizim üçün çox əhəmiyyətlidir.
Viktor Ozerov həmçinin bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Azərbaycanın ərazi bütövlüyünü və dövlətin bütün ərazisində suverenliyini nəzərə almaqla, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli üçün öz tərəfindən nə mümkündürsə edir.