Vyanada Azərbaycan prezidenti seçkiləri ilə bağlı keçirilən səsvermədə seçici fəallığı müşahidə olunub
Vyana, 7 fevral, AZƏRTAC
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Vyanadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə seçici fəallığı ilə müşahidə edilib. 17 saylı üçüncü Yasamal seçki dairəsinin 44 saylı seçki məntəqəsinin seçici siyahısında olan Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edib.
Səsvermədə Avstriyanın müxtəlif şəhərləri ilə yanaşı, Sloveniya və Slovakiyada yaşayan soydaşlarımız, eləcə də müxtəlif səbəblərdən Avstriyada səfərdə olan soydaşlarımız iştirak ediblər.
Səsvermə Seçki Məcəlləsinə uyğun keçirilib, məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb. Səsvermə başa çatdıqdan sonra seçki komissiyası tərəfindən seçki qutularının açılması və səslərin sayılması prosesinə başlanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana