Vyanada Novruz bayramı qeyd olunmuşdur
Vyana, 21 mart (AZƏRTAC). Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə martın 20-də Vyana şəhərində Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Şəhərin mərkəzində yerləşən “Feria” restoranında keçirilən tədbirdə Avstriyadakı Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və Avstriya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfir Qalib İsrafilov mərasim iştirakçılarını təbrik edərək, baharın müjdəçisi olan, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən, tarixi çox qədimlərə gedib çıxan Novruz bayramı münasibətilə hamiya sağlam və firavan həyat, ruzi-bərəkətli günlər arzu etmişdir. Səfir qeyd etmişdir ki, təbiətin həyat ruhunu təzələyən, gecə-gündüz bərabərliyi ilə təzə ili özündə əks etdirən Novruz, xalqımızın ən sevimli bayramı olmaqla yanaşı, insanların bir araya gəldiyi ən önəmli günlərdən biridir. O, Avstriyada yaşayan həmyerlilərimizi daha sıx birləşməyə çağıraraq, Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması işində uğurlar arzulamışdır.
Ötən əsrin 70-ci illərində Türkiyə kinosunun tanınmış simalarından olmuş aktrisa və müğənni Semra Türal özünün “Gözəl Azərbaycan” mahnısını, eləcə də repertuarına daxil olan digər musiqi parçalarını ifa etmişdir.
Tədbirdə qonaqlar Azərbaycan mətbəxinin şirniyyatı və ləziz xörəkləri ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana