Vyetnamda Qanlı Yanvar faciəsi ilə əlaqədar mühazirə təşkil edilib
Hanoy, 20 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetində mühazirə təşkil edilib.
Ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov 1990-cı il yanvarın 20-də sovet qoşunlarının azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələr barədə məlumat verib. Səfir həmin faciə zamanı şəhid olanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində yeni bir qəhrəmanlıq səhifəsi açdığını bildirib.
A.İmanov, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat verib, Xocalıda törədilmiş vəhşiliklərdən söz açıb.
Sonda 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy