ELM VƏ TƏHSİL
“WorldSkills Asia” təşkilatı ilə videogörüş təşkil edilib
![“WorldSkills Asia” təşkilatı ilə videogörüş təşkil edilib](/files/2020/1/1200x630/15877292311636252746_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
“WorldSkills Asia” təşkilatına üzv seçilən Azərbaycan üçün texniki tanışlıq məqsədilə videogörüş təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, videogörüşdə üzvlüyün yaratdığı fürsətlər, iki ildən bir təşkil edilən yarışların keçirilmə prinsipi və ümumilikdə yarışlara hazırlıq barədə geniş məlumat təqdim edilib.
Qeyd edək ki, noyabrın 17-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil ediləcək yarışda Azərbaycan tərəfindən 2 bacarıq üzrə iştirakçıların qatılması nəzərdə tutulur.
Xatırladaq ki, “WorldSkills Asia” təşkilatı “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur. “WorldSkills” müsabiqəsi, həmçinin peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir. Müsabiqə iki ildən bir keçirilir.