WTDC25 qlobal rəqəmsal bərabərsizliyi azaltmaq üçün önəmli platformadır
Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı qlobal rəqəmsal bərabərsizliyin aradan qaldırılması və internetə çıxışı olmayan insanları bağlantı ilə təmin etmək baxımından mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava WTDC25-in açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
K.Zavazava qeyd edib ki, konfransda 2 min 300-dən artıq iştirakçı, o cümlədən 65-dən çox nazir və nazir müavini səviyyəsində nümayəndə iştirak edir.
Onun sözlərinə görə, WTDC25 müxtəlif regionlardan, o cümlədən az inkişaf etmiş ölkələrdən, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərindən, həmçinin ölkələrarası urban və kənd əraziləri arasında rəqəmsal imkan fərqlərinin aradan qaldırılması məsələlərini müzakirə edir.
“Biz rəqəmsal bacarıqların artırılması, kibertəhlükəsizlik, süni intellekt və digər yeni texnologiyaların təhlükəsiz istifadəsi məsələlərinə diqqət yetiririk. Uşaqların onlayn mühitdə qorunması da bu konfransın əsas müzakirə mövzularındandır,” – deyə K. Zavazava əlavə edib.
Zavazava bildirib ki, WTDC25-in qərarları növbəti dörd il üçün qlobal rəqəmsal inkişaf strategiyasına təsir göstərəcək və davamlı öyrənmə və inkişaf prinsipləri çərçivəsində tətbiq olunacaq.