WUF13-də Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı müzakirə olunub
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması istiqamətində innovativ texnologiyalar və məlumat sistemlərinin tətbiqi məsələsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və inkişaf tərəfdaşları bir araya gələrək, qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafına dəstək verən texnoloji alətlər üzrə təcrübə mübadiləsi aparıblar.
Sessiyada urbanizasiya müşahidə platformaları, ərazi reyestrləri, açıq məlumat sistemləri və coğrafi informasiya texnologiyaları kimi innovativ həllər təqdim olunub. Bildirilib ki, bu alətlər sübuta əsaslanan qərarların qəbulunu gücləndirir, məhəllələrin kompleks şəkildə yenilənməsinə dəstək verir və adekvat mənzil hüququnun mərhələli şəkildə təmin olunmasına töhfə verir.
Tədbirdə Qvatemalanın Rabitə, İnfrastruktur və Mənzil Nazirliyi, Mərkəzi Amerika Sosial İnteqrasiya Katibliyi kimi qurumlar tərəfdaş qismində iştirak ediblər.
Panel müzakirələrində “City Science Lab Guadalajara”nın direktoru Sergio Roldan, Panamanın Mənzil və Ərazi Planlaşdırılması naziri Xayme Antonio Xovane Kastilyo, Çilinin Pontifik Katolik Universitetinin nümayəndəsi Marqarita Qrin, həmçinin Braziliyadan şəhər və mənzil hüquqları üzrə fəal Qraça Xavier çıxış ediblər.