WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO
Bakı, 13 may, AZƏRTAC
Müasir şəhərsalma, su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma proseslərində peyk məlumatlarının rolu getdikcə daha strateji xarakter alır. Xüsusilə süni intellekt və coğrafi informasiya sistemlərinin inteqrasiyası böyükhəcmli məlumatların daha operativ və yüksək dəqiqliklə təhlilinə imkan yaradır.
Bu yanaşmalar şəhərlərin inkişaf dinamikasının izlənməsi, quraqlıq və səhralaşma risklərinin qiymətləndirilməsi, həmçinin su resurslarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dünya miqyasında urbanizasiya və ekoloji çağırışların artdığı bir dövrdə peyk texnologiyalarının tətbiqi dayanıqlı inkişaf siyasətlərinin əsas alətlərindən birinə çevrilir.
AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov bu sahədə mövcud yanaşmalar, regional monitorinq mexanizmləri və yeni texnoloji imkanlardan danışıb.
- Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində peyk məlumatlarının rolu necə qiymətləndirilir?
- WUF13 çərçivəsində peyk məlumatları şəhərsalma və dayanıqlı urbanizasiya siyasətlərinin formalaşdırılmasında strateji alətlərdən biri kimi qiymətləndirilir. Peyk məlumatları şəhərlərin genişlənmə dinamikasını, torpaq istifadəsində dəyişiklikləri, nəqliyyat infrastrukturu, su hövzələri və yaşıllıq sahələrinin vəziyyətini yüksək dəqiqliklə təhlil etməyə imkan yaradır. Bu məlumatlar əsasında qeyri-rəsmi məskunlaşmaların monitorinqi, ətraf mühitə təsirlərin qiymətləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri daha effektiv şəkildə həyata keçirilir. Eyni zamanda, real vaxta yaxın məlumatların əldə olunması qərar qəbul edən qurumlara daha çevik və əsaslandırılmış qərarlar verməyə şərait yaradır.

- Regional səviyyədə su resurslarının monitorinqi hansı metodlarla aparılır və bu məlumatlar necə inteqrasiya edilir?
- Ümumiyyətlə, su resurslarının monitorinqi inteqrasiya olunmuş yanaşma əsasında həyata keçirilir. Bu prosesdə peyk təsvirləri ilə yanaşı, hidrometeoroloji müşahidə şəbəkələrinin məlumatları və yerüstü ölçmələrdən də istifadə olunur. Peykəsaslı analizlər vasitəsilə su hövzələrinin sahəsi, su səviyyəsində dəyişikliklər, çay axınları və suyun keyfiyyət göstəriciləri qiymətləndirilir. Eyni zamanda, dağlıq ərazilərdə buzlaqların və qar örtüyünün sahəvi və dərinlik parametrlərinin mütəmadi monitorinqi hövzələr üzrə su potensialının daha dəqiq müəyyən edilməsinə imkan verir. Toplanan məlumatlar CİS əsaslı platformalarda vahid bazada inteqrasiya olunur və qərar dəstək sistemləri vasitəsilə su ehtiyatlarının idarə olunmasında istifadə edilir. Bu isə suvarma planlaşdırılmasının optimallaşdırılmasına, su itkilərinin azaldılmasına və su ehtiyatlarından davamlı istifadəyə şərait yaradır.
- Quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin peyk vasitəsilə izlənməsi hansı töhfələri verir və əsas problemlər nələrdir?
- Quraqlıq və səhralaşmaya məruz qalan ərazilərin peyk vasitəsilə monitorinqi ekoloji dayanıqlığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə vegetasiya indeksləri, torpaq rütubəti xəritələri və temperatur anomaliyaları əsasında risk zonaları müəyyən edilir və dəyişikliklər dinamik şəkildə izlənir. Bu yanaşma erkən xəbərdarlıq sistemlərinin formalaşdırılmasına, torpaq deqradasiyasının qarşısının alınmasına və uyğun adaptasiya tədbirlərinin planlaşdırılmasına imkan yaradır. Eyni zamanda, meşə, kolluq və bataqlıq sahələrinin azalması və torpaq eroziyası kimi proseslər də daha dəqiq qiymətləndirilir. Günümüzdə süni intellekt modellərindən istifadə etməklə böyük ərazilərdə qısa müddət ərzində dəqiq nəticələr əldə olunur. Bu da əvvəllər mövcud bir sıra çatışmazlıqları aradan qaldırır və nəticədə çox yüksək ayırdetmə qabiliyyətli məlumatların daha səmərəli istifadə edilməsi, məlumatların operativ emalı, insan faktorunun azalması və yüksək dəqiqliyin əldə edilməsinə şərait yaradır. Bu yeni imkanlar yaxın gələcəkdə peykəsaslı monitorinq sistemlərinin effektivliyini və əlçatanlığını daha da artıracaq.