Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş beynəlxalq tələbə simpoziumu olub
Bakı, 13 may, AZƏRTAC
Türkiyənin Bartın şəhərində Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş altıncı beynəlxalq tələbə simpoziumu keçirilib.
Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Dahi liderlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirin açılış mərasimində Bartın Universitetinin rektoru professor Ahmet Akkaya Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, bu münasibətlərin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ən yüksək zirvəyə çatdığını vurğulayıb. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən bəhs edən rektor Azərbaycanın artıq öz tarixi torpaqlarına sahib olduğunu, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin Türk dünyasında qürur hissi yaratdığını bildirib: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş beynəlxalq simpozium “bir millət, iki dövlət” kəlamını parlaq şəkildə bir daha əks etdirir. Ortaq mədəniyyətimizin və ortaq gələcəyə olan güclü inamımızın göstəricisi olan bu yüksəksəviyyəli tədbirdə müxtəlif ölkələrdən və şəhərlərdən olan gənc tədqiqatçıların bir araya gəlməsi, onların aktual təqdimatlarla çıxış etmələri münasibətlərimizin inkişafı və bu möhkəm bağın gələcəyə daşınması baxımından mühüm əhəmiyyətə malikdir”.
Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri dosent Ahmet Altay BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyini, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyi diqqətə çatdırıb. Altıncı beynəlxalq tələbə simpoziumunun gənc tədqiqatçılar üçün mühüm platforma olacağına əminliyini ifadə edib.
Simpoziumun Azərbaycan tərəfdən həmsədri, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı tədbirin təşkilinə görə BDU və Bartın Universitetinin rəhbərliklərinə, akademik heyətə və tələbələrə təşəkkürünü bildirib. O bildirib ki, 1919-cu il sentyabrın 1-də əsası qoyulmuş BDU Azərbaycanda yalnız elmin və təhsilin əsas mərkəzi deyil, həm də milli ictimai fikrin formalaşmasında və inkişafında mühüm rol oynayan məbəddir: “Xarici nüfuzlu universitetlərlə ortaq layihələrin həyata keçirilməsinə xüsusi önəm verən BDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə Respublikası ilə əlaqələr aparıcı yer tutur. Son illər BDU Türkiyənin 50-dən artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzalayıb. Əminəm ki, ikigünlük beynəlxalq tələbə simpoziumu da qarşılıqlı əlaqələrimizə mühüm töhfə verəcək”.
Bartın Universitetinin İnsan və sosiologiya fakültəsinin dekanı Aslı Yazıcı, İstanbul Universiteti, Ankara Universiteti, İzmir Katip Çelebi Universiteti, Kastamonu Universiteti, Çankırı Karatekin Universiteti, Atatürk Universiteti və İstanbul 29 Mayıs Universitetinin İnformasiya və sənəd menecmenti fakültələrinin dekanları Ümit Konya, Sacit Arslantekin, Mehmet Ali Akkaya, Hamid Derviş, Burcu Umut Zan, Dündar Ali Kılıç, Leyla Kanık çıxışlarında simpoziumun sahə üzrə yeni prioritet istiqamətləri müəyyənləşdirməyə şərait yaradacağını, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bilik və bacarıqların optimallaşdırılmasına, elmi əlaqələrin genişləndirilməsinə, gənc tədqiqatçıların elmi fəaliyyətinin təşviqinə xidmət edəcəyini vurğulayıblar.
Beynəlxalq simpoziumun plenar iclasında Kastamonu Universitetinin professoru Hasan Keseroğlu və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rəşad Qardaşov məruzə ediblər.
Simpoziumun bölmə iclaslarında müxtəlif universitetləri təmsil edən 60-dan çox tələbənin məruzəsi dinlənilib. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Əzizə Rəhimova və Aydan Əlizadə müvafiq məruzələrlə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. BDU Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: biblioqrafik məlumat kitabı” Bartın Universitetinin kitabxanasına hədiyyə olunub.
Simpoziumun proqramı çərçivəsində, həmçinin “Yeni nəsil kitabxana xidmətləri üzrə Poster Sərgisi”nin açılışı keçirilib, iştirakçıların Bartın şəhərinin və Amasra qəsəbəsinin kitabxana və muzeylərinə ekskursiyaları təşkil olunub.