Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın tranzit və iqtisadi potensialını gücləndirəcək – ŞƏRH
Bakı, 13 may, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur probleminin həlli ölkənin suverenliyi və iqtisadi inteqrasiyası üçün vacib amil olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafı üçün yeni üfüqlər yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. O qeyd edib ki, xüsusilə Zəngəzur dəhlizinin açılması gələcəkdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində mühüm mövqeyə malik ölkəyə çevrilməsinə səbəb olacaq.
“Azərbaycanda hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti üçün kifayət qədər infrastruktur mövcuddur. Ələt Dəniz Limanının həcmi artırılır, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Gürcüstan üzərindən quru yol daşımaları mümkündür. Ancaq Zəngəzur dəhlizinin yükötürmə potensialı həddindən artıq böyükdür və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə inkişaf etməsi üçün Zəngəzur dəhlizinin alternativi yoxdur. Bu baxımdan Zəngəzur dəhlizi daha qısa marşrut, eyni zamanda, daha böyük və stabil yükdaşıma həcmləri ilə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Müharibənin sülhlə yekunlaşmasının ən böyük faydası məhz kommunikasiya və ticarət xətlərinin açılması, Ermənistanla tədricən əlaqələrin formalaşması olacaq. Bunun nəticəsində həm Azərbaycanın, həm də Ermənistanın Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tranzit ölkələrindən birinə çevrilməsinə gətirib çıxaracaq. Bu baxımdan müharibənin başa çatması ölkələrin hərbi xərclərinin azalmasına və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına daha çox diqqət ayrılmasına şərait yaradır. Həmçinin müharibənin başa çatması bölgədə sabitliyin təmin olunmasına və yerli, eləcə də xarici investorların diqqətinin cəlb edilməsinə töhfə verir”, - deyə o qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, Şərqi Zəngəzur və Qarabağın faydalı yataqları və təbii-coğrafi turizm məkanları kənd təsərrüfatı potensialının iqtisadiyyata cəlb edilməsi imkanı yaradır: “Bu baxımdan ölkəmiz gələcək inkişafını məhz sülh, qarşılıqlı əməkdaşlıq, tranzit nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində qurur. Bu aspektdən Zəngilan rayonunun gələcəkdə tranzit “hub”a, yəni nəqliyyat şəbəkəsinə çevrilmə imkanları mövcuddur. Təsadüfi deyil ki, bu rayonda beynəlxalq əhəmiyyətli hava limanı da açılıb. Eyni zamanda, dəmir yolu və quru yol xətlərinin beynəlxalq standartlara və tranzit tələblərinə uyğun olaraq Zəngilan rayonu ərazisindən keçməklə inşa prosesi həyata keçirilir. Ölkəmiz ərazilərin davamlı məskunlaşma yerinə çevrilməsi üçün həm “ağıllı” şəhərsalma strategiyasını həyata keçirir, həm də təbiətin və ətraf mühitin gözəlliyini qorumaqla alternativ enerji infrastrukturuna investisiyalar yatırır. Həmçinin azad edilmiş ərazilərə köçən əhalinin davamlı məşğulluq məsələlərini həll edir”.
X.Kərimli əlavə edib ki, ölkəmizin yaxın 10 ildə prioritet istiqaməti Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma məsələsi, eyni zamanda, qonşu ölkələrlə əlaqələrin yaxşılaşdırılması və ölkəmizin tranzit rolu olan şərq-qərb nəqliyyat dəhlizində mühüm rol oynayan ölkə kimi formalaşdırılması olacaq.